Könüllü tibbi sığorta müqaviləsi

Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. Tibbi sığorta müqaviləsi-qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta edənlə tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir. Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir. Könüllü Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq Sığortaçı tərəfindən müəyyən edilir. Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları müvafiq qanunvericilik nəzərə alınmaqla  sığortaçı tərəfindən müəyyən edilir.

Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır:

  • tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək;
  • tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək;
  • profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;
  • icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;
  • tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;
  • sığorta edənə, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;
  • könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.