Ölkədə əmlak sığortasının icbari  olmasına baxmayaraq, bu sahə çox zəif inkişaf edib. Hazırda əmlak sığortası ilə bağlı bəzi irəliləyişlər olsa da bu hələ ümumi sığorta obyektlərinin heç yarısı eləmir. Əmlak sığortasının zəif inkişafının bir neçə səbəbi var. Qanunda bu icbari sayılsa da hər hansı cərimələrin və digər məhdudlaşdırıcı cəzaların tətbiq olunmaması vətəndaşların əmlak sığortasından yayınmalarına gətirib çıxarır. 

İkinci bir məsələ isə, vətəndaşların sığorta şirkətlərinə inamsız olmasıdır. Fikirləşirlər ki, onsuz da sığorta heç bir ödəniş eləmir və ona görə əlavə pul xərcləyib sığorta müqaviləsi almağa dəyməz. 

Son zamanlarda ticarət obyektlərində baş verən böyükmiqyaslı yanğın  bazara az da olsa canlanma gətirdi. Belə ki, bir çox sahibkarlar evlərini eləməsələr də, ticarət obyektlərinin icbari sığortasını elətdirdilər. 

Düşünürük ki, vətəndaşlar arasında maarifləndirmə işi aparmaqla bu sahəni inkişafına nail olmaq olar. Bu işdə həm sığorta vasitəçiləri, həm də sığorta şirkətləri eyni dərəcədə maraqlı olmalı, vətəndaşların etimadını qazanmalıdılar ki, doğrudan da vətəndaşlarımız  sığortanın ən vacib məsələlərdən biri olduğuna inansınlar.