Yük Sığortası
Yük sığortası ilə daşımanın həyata keçirildiyi ölkələrdə nəqliyyatın hər hansı növü ilə daşınan yüklərə dəyən itki və ziyanlar sığorta olunur.
Müştərilərin istəyi ilə daşıma ilə əlaqədar yol (nəqliyyat) xərcləri, gömrük rüsumları və daşınan malların satılmasından əldə olunması gözlənilən gəlir də bu sığorta növü ilə sığorta oluna bilər.
Sığorta təminatı yükün təhvil götürülməsi və nəqliyyat vasitəsinə yüklənilməsi ilə başlayır, daşıma (habelə yükləmə-boşaltma və müvəqqəti saxlanc üçün nəzərdə tutulan yerlərdə saxlanılması) dövrünü əhatə etməklə, sığorta müqaviləsində qeyd olunan son təyinat məntəqəsinə çatdırılması ilə sona çatır.
Fiziki və hüquqi şəxslər, habelə yük daşıma ilə məşğul olan şirkətlər yüklərlə bağlı əmlak maraqlarını bu sığorta növü ilə sığorta etdirə bilərlər. Azərbaycanda yük sığortası könüllü sığorta növlərinə daxildir.
Ona görə də, demək olar ki, bütün sığorta şirkətləri yük sığortasını həyata keçirir. Sığorta haqqına gəldikdə isə, yük sığortası könüllü növə aid olduğu üçün burada vahid tarif tətbiq edilmir. Sığorta şirkəti müştərinin təklifləri üzrə yaranan risklərin dərəcəsinə uyğun olaraq sığorta haqqını müəyyən edir. Azadolma məbləği də tərəflərin razılaşması əsasında müəyyən edilir.